Yunis Ferman oğlu Xelilov Hüquqşünas
Edam cezasının qeyri-insani üsulu ve ya texniki inkişafın eybecer övladı - ELEKTRİK STULU
Tamamilə amerikan icadı olan elektrik stulu XIX əsrin sonlarında, daha dəqiq desək, 1889-cu ildə “ən insani və yüngül” edam üsulu hesab edildiyindən demokratik ölkələr içərisində birinci yeri tutan (!) ABŞ-ın qanunvericiliyinə daxil edilmiş və ilk dəfə olaraq Obern həbsxanasında tətbiq olunmuşdur. Elektrik stulu haqqında çox sözlər deyilmiş, onunla bağlı cild-cild kitablar qələmə alınmış, bir sıra bədii və sənədli filmlər çəkilmişdir. Məşhur “Edama dəvət” adlı sənədli filmdə bu eybəcər və tük ürpədici cəza üsulunun icrası bütün dəhşətli detalları və iyrənclikləri ilə birgə xronoloji ardıcıllıq və dəqiqliklə aşağıdakı kimi təsvir olunur: “Məhkumun qışqırmasının qarşısını almaq üçün onun ağzına plastr yapışdırılır, elektrik zərbindən məhkumun gözlərinin partlayıb çıxmaması məqsədilə onun gözləri sarğıyla bağlanır, çırpınmasın deyə ayaqları və başı xüsusi qayışla stula bərkidilir, gizgahları elektrodlarla sıxılır ... Geriyə elektrik açarını (düyməsini) işə salmaq qalır. İcraçı son işi də görür. Güclü gərginli elektrik cərəyanının “ildırım” zərbindən məhkumun bədəni bir neçə saniyə içərisində möhkəm titrəyir, ağzını qapadan plastrın altından qanlı köpük axır ... Ölümün baş verib-verməməsini yəqin etmək üçün həkim yaxınlaşıb onun nəbzini yoxlayır və edamın davam etdirilməsinin lazım gəldiyini bildirir. İcraçı yenidən elektrik açarına əl atır ...”. Əslində, bu filmdən əvvəl də elektrik stulunun daha insani və yüngül edam üsulu olmadığı Amerika əhalisinə məlum idi. Belə ki, 1928-ci ildə milyonlarla amerikalı Rufi Snayderin edam anını təsvir edən fotoşəkili izləyərkən elektrik cərəyanı ötürüldüyü vaxt məhkumun necə çabaladığının şahidi olmuşdu. Həmin foto T. Harvard tərəfindən Nyu-Yorkun məşhur Sinq-sinq həbsxanasının edam kamerasında gizli şəkildə çəkilmişdi. Təəssüf ki, Amerika əhalisinin ümumi narazılığına və etirazına baxmayaraq, edam cəzasının bu qeyri-insani üsulunun tətbiqi yarandığı vaxtdan bu günədək hələ də qalmaqda davam edir. Belə ki, hazırda ABŞ-ın 13 ştatının qanunvericiliyində edam cəzasının bu qeyri-insani üsulu saxlanılmaqdadır. Halbuki çoxdan məlumdur ki, hətta ən yüksək gərginlikli elektrik cərəyanı belə insanının işgəncəsiz və əzabsız ölümü ilə nəticələnmir. Əksər vaxt məhkumun beynini tamamilə iflic etmək və ürəyini dayandırmaqdan ötrü yüksək gərginlikli elektrik cərəyanının insan orqanizminə buraxılmasını bir neçə dəfə təkrarlamaq lazım gəlir. Konkret misallarla fikrimizə aydınlıq gətirək. İnanılması nə qədər çətin də olsa, qeyd edək ki, 1983-cü ildə Alabama ştatında 33 yaşlı məhkum Con Lui Evans elektrik stulunda edam olunarkən onun orqanizminə 1900 volt yüksək gərginlikli elektrik cərəyanı ötürülmüş, lakin o, sağ qalmışdı. Güclü elektrik cərəyanın təsirindən onun əllərinin stula bağlı olduğu qatış partlamış, elektrik cərəyanının yandırdığı ətinin qoxusu ətrafı bürümüşdü. Lakin həkimlər onu müayinə etdikdən sonra məhkumun ürəyinin döyündüyünü və hələ ölmədiyini bildirmiş, bununla da dörd dəqiqə keçdikdən sonra Evansın başına ikinci dəfə elektrik cərəyanı ötürülmüş və o, yenə də sağ qalmışdı. Barbar edam üsulunun qəddarlığı ABŞ konstitusiyasına düzəlişin müddəalarına tam zidd olması səbəbindən məhkumun vəkilləri ştatın qubernatoruna zəng edib məhkumun bağışlanmasını xahiş etsələr də, rədd cavabı almışlar və 10 dəqiqəlik fasilədən sonra növbəti dəfə elektrik cərəyanı işə salınmışdı. Bununla da, Con Lui Evans faktiki olaraq üç dəfə edam olunmuşdu. Qeyd edək ki, bu hal, nadir hadisə deyil. Belə ki, 1985-ci ildə məhkum Vilyam Vendivari üçüncü cəhddən sonra da sağ qaldıqda ABŞ Ali Məhkəməsinin xüsusi qərarı tələb olunmuş və həmin qərarda edam cəzasının təkrar icrasının konstitusiya ilə ziddiyyət təşkil etmədiyi göstərilmişdir. Nəticədə məhkum barəsində çıxarılmış ölüm hökmü bir ildən sonra təkrar icra olunmuşdur. Üç dəfə elektrik stulunun vahiməsini hiss etmiş və onun işgəncəsini dadmış birinin dördüncü dəfə, özü də müəyyən fasilədən sonra (nə az, nə çox, düz bir il – Yunis Xəlilov) eyni qorxunu və əzabı yaşayacağını düşündüyü zaman keçirəcəyi hisləri bir anlıq da olsa təsəvvür etmək belə insanın damarlarındakı qanı dondurur. Budurmu, özünü demokratik ölkə hesab edən ABŞ-da “ən insani və və yüngül” edam üsulu? Budurmu, insanın ayrılmaz hüququ olan yaşamaq azadlığına hörmət etmək adı altında, əslində ona xüsusi amansızlıqla qəsd edən ABŞ-da Ulu Tanrının bəxş etdiyi cana humanist qayğı? Görəsən, bu ölkədə həmin vəhşiliyi icra edənlərin özlərinin cinayətkar olmasını düşünən nüçə insan var? Nə isə ... Bir qədər də həmin edam üsulunun tətbiqi prosedurasının digər məsələlərinə nəzər salaq. Həmin mərasim bu edam üsulunun tətbiq olunduğu bütün ştatlarda demək olar ki, eyni qaydada yerinə yetirilir. Belə ki, cəllad funksiyasını yerinə yetirən könüllülər, adətən, hüquq-mühafizə orqanlarının əməkdaşları sırasından seçilir. Edam prosedurasının hər bir detalının nəzərdə tutulduğu təlimatda icra mexanizmi ilə bağlı məsələlərin bütün təfsilatı ilə qeyd olunması “ölüm maşını”nın müəmmalı görünən sirlərinin insanlarda yaratdığı qorxunu daha da vahiməli hala salır. Məsələn, orada qeyd olunur ki, edam cəzasının icra ediləcəyi həftəni qubernator, günü həbsxana rəisi, saatı isə həmin proseduraya məsul olan nəzarətçi təyin edir. Təlimatda o da göstərilir ki, bu qaydaya son dərəcə ciddi şəkildə əməl olunmalıdır. Cəzanı icra etməyə razılıq vermiş şəxslərin adlarını həbsxana rəisi əzbərləməlidir. Qabaqcadan müəyyən olunmuş gün və saatda həbsxananın rəisi telefonla icraçılardan birinə zəng vurub görüş yerinin ünvanını söyləyir, günü və saatı təyin edir. Daha sonra görüş yerinə xüsusi maşın göndərilir. İcraçı maşına əyləşir və onun üçün göndərilmiş qara maskanı geyinir. Onun maşına əyləşən andan etibarən heç kəslə, hətta sürücü ilə də danışması qəti qadağandır. Düzdür, sürücü onu üzdən tanıyır, çünki onu hələ maskanı taxmadan qabaq görür. Lakin soyadını bilmir. Bununla da, o, istəsə belə kənar adamlara onun şəxsiyyətini bildirəcək nəsə deyə bilmir. Həbsxananın rəisi isə sürücüdən fərqli olaraq icraçının soyadını bilir, lakin o da maskalı icraçını üzdən tanımır. Deməli, həbsxananın rəisi də onun şəxsiyyətini ortalığa çıxaracaq dolğun informasiyadan məhrumdur. Edamın icra olunacağı günün axşamı həbsxana rəisinin müavini baş nəzarətçi ilə birgə məhkumun saxlandığı dustaqxana kamerasına təzə pencək, bir cüt təzə ayaqqabı, üz qırxmaq üçün alət və təmiz dəsmal gətirir. Məhkumun başı və üzü qırxıldıqdan sonra, o, məcburi qaydada duş qəbul etdirilir. Bundan sonra məhkuma əgər istəyirsə, bir ədəd siqaret çəkməyə icazə verilir ... Nəhayət, o, edamın icra olunacağı həbsxana kamerasına gətirilir. Onu xüsusi qayışlarla elektrik stuluna bağlayır, başına və sağ ayağına elektrodlar bərkidilir. Həbsxananın rəisi məhkumdan son sözünün olub-olmadığını soruşur, əgər məhkum nəsə deməyə meyl göstərirsə, onun bütün söylədikləri xüsusi kitaba yazılır. Məhkum son sözündə müəyyən etik qaydalar çərçivəsində kimin ünvanına nə istəsə deyə bilər. Son sözdən sonra həbsxananın rəisi ştatın qubernatoruna zəng vuraraq onun etirazının olub-olmadığını və qara maskalı cəlladın cəzanın icrasına hazır olduğunu bildirir. Etiraz yoxdursa, icraçı 40 şahidin gözləri qarşısında 1800 volt gərginlikli elektrik cərəyanını işə salacaq olan düyməni basır və artıq məqaləmizin əvvəlində təsvir olunan səhnə yenidən canlanır ... Beləliklə, sonda qeyri-insani, qəddar və tük ürpədici olan edam cəzasının haqqında söhbət açdığımız bu üsulunu “texniki inkişafın eybəcər övladı” adlandırmağa, düşünürəm ki, haqqım çatır. Ümid edirəm ki, insanlıq tarixinə qara ləkə gətirən bu iyrənc və lənətə gəlmiş “ölüm maşını” tezliklə aradan qaldırılacaqdır.
Fikirləriniz maraqlıdır ...
|